Kakao paxlasının qiyməti son on ildə ən yüksək həddə yüksəlib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir. 27 iyul 2023-cü il tarixinə Nyu-York kakao fyuçerslərinin dəyəri 1 ton üçün 3500 dollara çatıb. Sonuncu dəfə belə yüksək qiymət 2011-ci ildə müşahidə olunub.
Bu, dünya bazarını kakao paxlası ilə təmin edən əsas region Qərbi Afrikadakı müxtəlif problemlərlə bağlıdır. Burada yerli kakao paxlası istehsalı güclü yağışlardan əziyyət çəkir. Dünya bazarına kakao paxlasının mühüm tədarükçüləri Kot-d’İvuar və Qanadır ki, onların hər ikisi məhsuldarlıqda problem yaşayır.
“Bloomberg”ə görə, yaxın gələcəkdə qiymətlərin aşağı düşməsi ehtimalı yoxdur. Agentliyin məlumatına görə, şokolad istehsalı üçün əsas xammalın yüksək qiymətləri 2024-cü ilə qədər qalacaq. Xammalı emal edən şirkətlər də problemlər yaşayır. Məsələn, Böyük Britaniyada kakao paxlasının emalı kəskin şəkildə aşağı düşüb, bu da şirkətlərin lazımi miqdarda xammala çıxışında çətinliklərin olduğunu göstərir.