15 C
Baku
Sunday, November 24, 2024

Kaşaqan yatağında illik neft hasilatı 75 mln. tona çatdırıla bilər

Xəzərin Qazaxıstan sektorunda yerləşən Kaşaqan yatağından indiyədək 90 mln. tona yaxın neft hasil edilib.

Bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Xəzər dənizinin Qazaxıstan şelfinin işlənməsinin başlanmasının 30 illiyi şərəfinə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, indiyədək Kaşaqan yatağından 55 mlrd. kubmetr təbii qaz hasil edilib.

Əlixan Smailov onu da əlavə edib ki, qeyd olunan layihənin həyata keçirilməsi çərçivəsində 60 mlrd. dollardan çox investisiya cəlb edilib.

Bildirilib ki, mütəxəssislərin fikrincə, Kaşaqanın gündəlik hasilat potensialı 1.6 mln. barel neftə çata bilər ki, bu da ildə təxminən 75 mln. ton deməkdir.

Xatırladaq ki, bu ilin mart ayında SOCAR Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1.5 mln. ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qeyd edək ki, Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması məsələsi müzakirə obyektidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər