7 C
Baku
Wednesday, December 25, 2024

Banklar məişətə verilən istehlak kreditlərində sərtləşməyə gedirlər

2023-cü ilin II rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam edib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən 2023-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilib. Biznes kreditləri üzrə standartlarda yumşalma mikro sahibkarlıq subyektlərinə verilən kreditlərdə, istehlak kreditləri üzrə standartlarda yumşalma isə əsasən kredit kartlarında daha nəzərəçarpan olub.

Son rüb ərzində istehlak kreditləri üzrə standartlarda yumşalma davam etsə də, ötən rübə nisbətdə səngimə müşahidə edilib. Məişət kreditlərinin verilmə standartlarında isə banklar sərtləşməyə gediblər. Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə kreditlərə tələb artıb. Artım həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə müşahidə edilmişdir. Banklar növbəti rübdə də hər 3 portfel üzrə kreditə tələbin artacağı qənaətindədirlər.

Biznes kreditləri

Kredit siyasəti: Bankların biznes kreditləşməsi üzrə siyasətlərində yumşalma müşahidə olunmuşdur. Yumşalma əsasən miko sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə olmuşdur. KOS və iri sahibkarlara verilən kreditlər üzrə isə yumşalma nəzərə çarpmır.

Kredit tələbi: Cari ilin II rübündə biznes kreditlərinə tələb artmışdır. Artım mikro və KOS subyektləri üzrə verilən kreditlərdə olmuşdur. İri sahibkarlıq kreditlərinə tələbdə nəzərəçarpan dəyişiklik olmamışdır.

2023-cü ilin III rübünə gözləntilər: Banklar biznes kreditləri üzrə siyasətdə əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətindədirlər. Buna baxmayaraq, 2023-cü ilin III rübündə biznes kreditlərinə tələbin artımı proqnozlaşdırılır.

İpoteka kreditləri

Kredit siyasəti: 2023-cü ilin II rübündə İKZF vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə kredit siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.

Kredit tələbi: Cari ilin II rübü ərzində ipoteka kreditlərinə tələb artmışdır. Artımın əsas drayveri İKZF hesabına verilən ipoteka kreditləri olmuşdur.

2023-cü ilin III rübünə gözləntilər: Banklar 2023-cü ilin III rübündə İKZF hesabına veriləcək kreditlərə tələbin artacağını, lakin kredit siyasətində nəzərçarpan dəyişikliyin olmayacağını gözləyirlər.

İstehlak kreditləri

Kredit siyasəti: Cari ilin II rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşalmasında səngimə nəzərə çarpmışdır. Ötən rübə nəzərən səngimə kredit kartları və əməkhaqqı üzrə verilən kreditlərdə daha çox nəzərə çarpıb. Sorğu nəticələrinə əsasən məişət kreditlərinin təsdiqi standartlarında isə sərtləşmə müşahidə edilib.

Kredit tələbi: 2023-cü ilin II rübü ərzində istehlak kreditləri üzrə tələb artmışdır. Artım əsasən məişət kreditləri üzrə müşahidə edilib.

2023-cü ilin II rübünə gözləntilər: Banklar cari ilin III rübündə istehlak kreditləri üzrə standartlarda yumşalmanın və tələb artımının səngiməsini gözlədiklərini bildiriblər. Sorğu nəticələrinə əsasən banklar həm standartlar üzrə yumşalmanın, həmçinin tələb üzrə artımın kredit kartları üzrə olacağı qənaətidindədirlər.

Son xəbərlər
Digər xəbərlər