15 C
Baku
Sunday, November 24, 2024

Bu şəxslərin dövlət qulluğu keçmə illəri yeni qaydada nəzərə alınacaq

Miqrasiya orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların miqrasiya orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil ediləcək və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə veriləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər miqrasiya orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri miqrasiya orqanlarında qulluq illərinə daxil ediləcək və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq rütbə veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan Əsasnaməyə görə, miqrasiya orqanlarında qulluq keçmiş şəxslər digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə qəbul edilərkən, onların miqrasiya orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri miqrasiya orqanlarında qulluq illərinə daxil edilir.

Miqrasiya orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları işçilərinə verilən xüsusi rütbələrə bərabər tutulur.

Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından miqrasiya orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Əsasnaməyə əsasən verilir. Miqrasiya orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan miqrasiya orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər