İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 34609:2023 “Binaların qaz qurğuları üçün kürə şəkilli kranlar və əl ilə idarə olunan konusvari bağlayıcı elementli kranlar” dövlət standartı qəbul edilib.
AZSTAND-dan bildirilib ki, bu standart layihəsi əlvan metallardan hazırlanan qaz qurğularına dair elementlərin keyfiyyətinə və təhlükəsizliyinə dair məcburi tələbləri müəyyənləşdirmək, istehlakçıların həmin məhsullarla bağlı tələb və gözləntilərinin müvafiq mallarda əksini tapması, eləcə də istehlakçılarda malların keyfiyyətinə dair etibarın formalaşdırılması və onların malın keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsinə dəstək göstərmək məqsədilə işlənib hazırlanıb.
Standart, həmçinin yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.
Yeni standart Xəzər Dəniz Nəqliyyatı Layihə – Axtarış və Elmi – Tədqiqat İnstitutuna rəyə təqdim edilib və müvafiq rəylərdən sonra İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.