7 C
Baku
Thursday, December 12, 2024

İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməl qoyma mərasimi keçirilib.

Azərbaycan və Türkiyə prezidentləri mərasimi onlayn izləyiblər.

Qeyd edək ki, 15 dekabr 2020-ci il tarixində Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17.5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98%-də torpağın münbit qatı götürülüb, 55%-də xəndəyin qazılması aparılıb, boruların 92%-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82%-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər