ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətlərinin Azərbaycan ərazisində aktivləşdirilməsi 2024-cü ilə qədər təxirə salınıb.
Bu barədə telekommunikasiya bazarındakı mənbə bildirib.
Şirkətin bundan əvvəl yaydığı məlumata görə, Azərbaycan vətəndaşları “Starlink” peyk xidmətlərindən bu ilin IV rübündən – oktyabr-dekabr aylarından etibarən istifadə edə bilərdi.
“Starlink” hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15.3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman “SpaceX” həmin məbləği geri qaytaracaq.
“Starlink” Azərbaycan ərazisində fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri “birinci gələnə birinci xidmət” prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.
Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” arasında “Starlink”in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və “SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.