Nazirlər Kabineti “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” qərar verib.
Qərara əsasən, 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçiriləcək.
Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcək.
Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçiriləcək.
Qərara əsasən, kKənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb və İstiqamətləndirici Komitənin tərkibi təsdiqlənib: İstiqamətləndirici Komitənin tərkibi
İstiqamətləndirici Komitənin sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
İstiqamətləndirici Komitə sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
İstiqamətləndirici Komitənin üzvləri:
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı.
İstiqamətləndirici Komitə:
– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərini əlaqələndirməli;
– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planını, siyahıyaalma vərəqəsi formasını və doldurulması qaydasını təsdiq etməli;
– kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsinə nəzarət etməli, onun vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli;
– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar qarşıya çıxan və bu Qərarla tənzimlənməyən məsələlərə dair zəruri olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflərini təqdim etməlidir.
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, əldə olunan məlumatların işlənilməsi və nəticələrin dərc edilərək yayılmasını təmin etmək məqsədilə 2024-2026-cı illər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır.
Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla aşağıdakı tərkibdə Siyahıyaalma qrupunun yaradılmasına icazə verməlidir:
– Siyahıyaalma qrupunun rəhbəri – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– Siyahıyaalma qrupu rəhbərinin müavini – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– baş məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– aparıcı məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– məlumat bazasının administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– sistem administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– kompüter şəbəkəsi üzrə mütəxəssis – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
– təlimatçı-nəzarətçilər – orta hesabla 10 sayıcıya 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək);
– sayıcılar – orta hesabla 120 təsərrüfat üçün 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək).
Bu Qərarda qeyd olunan şərtlərlə sayıcıların ümumi sayının 3,0 faizi hesabı ilə ehtiyat sayıcılar müəyyən edilməlidir.
Təlimatçı-nəzarətçilər və sayıcılar istisna ilə, cəlb olunacaq şəxslərlə münasibətlər əmək müqaviləsi, təlimatçı-nəzarətçilər və sayıcılarla isə xidmət müqaviləsi ilə rəsmiləşdirilməlidir.
Dövlət Statistika Komitəsi:
– kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planının, siyahıyaalma vərəqəsi formasının və doldurulması qaydasının layihələrinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitə yaratmalı;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Siyahıyaalma qrupu işçilərinin aylıq vəzifə maaşlarının (xidmət haqlarının) məbləğlərini müvafiq işçilərin vəzifə maaşları məbləğlərinə uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq etməli;
– siyahıyaalma məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi, işlənilməsi və yekunlarının əldə olunması məqsədilə proqram təminatının hazırlanmasını təmin etməli;
– kənd təsərrüfatının siyahıyaalınmasının başlanılmasına azı 2 (iki) ay qalmış onun keçirilməsi üçün zəruri olan metodoloji və digər materialların, habelə əhalinin məlumatlandırılması üçün əyani vəsaitlərin çap edilməsini, videoçarxların hazırlanmasını təmin etməli;
– kənd təsərrüfatının siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların seçilməsini və təlimatlandırılmasını təmin etməli;
– kənd təsərrüfatının siyahıyaalınmasının əhəmiyyəti haqqında mediada xüsusi maarifləndirici materialların yayımlanması üçün müvafiq tədbirlər görməli;
– kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil Nazirliyinin balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının şəhər, rayon, şəhər rayonlarının icra hakimiyyətləri:
– siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdiril-məsini təmin etmək məqsədilə 2024-cü ilin sonunadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyaları yaratmalı;
– şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri məlumatlarının aktuallaşdırılmasını və 2025-ci il aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilməsini təmin etməli;
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın ödənilməsi məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış uçot sahəsində səriştəsi olan şəxslərin kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsinə cəlb edilməsində kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyalarına kömək göstərməlidir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı radio və televiziyada müntəzəm olaraq xüsusi proqramlar təşkil etməli və bununla bağlı həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması dövründə telekommunikasiya şəbəkələrinin işinin dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, qərar “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamının 5.1.2.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərarda siyahıyaalmanın kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçirilməsi, kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İstiqamətləndirici Komitənin, yerlərdə isə siyahıyaalma ilə əlaqədar tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyalarının, həmçinin kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planının, siyahıyaalma vərəqəsinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitənin yaradılması nəzərdə tutulmüşdur.
Qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsinə, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsinə, o cümlədən son siyahıyaalmadan ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaradacaq.