İslam ölkələri İsrailə neft ixracını dayandırmalıdır, İranın ruhani lideri Əli Xamenei deyib. Onun sözlərinə görə, “İslam hökumətləri İsrailə neft və ərzaq ixracını dayandırmaqla Qəzza zolağında cinayətlərin dərhal dayandırılmasında israr etməlidir”.
O vurğulayıb ki, islam ölkələri İsraillə iqtisadi əməkdaşlıq etməməlidir. Xamenei bütün beynəlxalq forumlarda Qəzza zolağındakı fəlakəti və İsrailin cinayətlərini “yüksək səslə və çəkinmədən qınamağa” çağırıb.
İsraillə HƏMAS arasında müharibə başlayandan sonra İran tərəfi dəfələrlə Fələstin hərəkatını dəstəklədiyini bildirib və Qəzza zolağında quru əməliyyatına başlayacağı təqdirdə İsraili ciddi nəticələrlə hədələyib.
Eyni zamanda, İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin anklavda quru əməliyyatı keçirəcəyi təqdirdə Tehranın tədbir görüb-götürməyəcəyi ilə bağlı suala cavab olaraq bəyan edib ki, İranın münaqişəyə girməsi şərti ona qarşı hücum olacaq.