Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun üzvü Qazi Həməd bildirib ki, təşkilat məhbus mübadiləsi məsələsində İsrail hakimiyyəti ilə “tam kompromis”ə hazırdır. O, həmçinin bəyan edib ki, HƏMAS mülki girovların əsirlikdən azad edilməsi ilə bağlı danışıqları dəstəkləyir.
Qazi Həmədin sözlərinə görə, HƏMAS hərbi əsirləri İsrail həbsxanalarındakı hərəkat nümayəndələri ilə dəyişməyə hazırdır, digər variantlar nəzərdən keçirilmir.
“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Üstəlik, məhbuslarımızın indi evlərinə getmələrini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromisə hazırıq, bütün girovların – həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə və bütün məhbusların İsraildəki təcridxanalardan azad edilməsinə dair sazişin bağlanmasına hazırıq”, – deyə cənab Həməd müsahibəsində bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Qəzza zolağında Həmas girovlarının təsdiqlənmiş sayı 242-dir. Oktyabrın 31-də HƏMAS yaxın günlərdə bir neçə məhbusu azad etmək planlarından danışdı, lakin bu, hələ baş tutmayıb. Girov götürülən İsrail hərbçiləri ilə bağlı dəqiq məlumat yoxdur, lakin İDF “onlarla əsgərin” əsir düşə biləcəyini qeyd edib.