“2022-ci ilin sonunda, ikitərəfli əməkdaşlığımızın tarixində ilk dəfə Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib.
O, əvvəlcə iki ölkə arasındakı diplomatik əlaqələrin tarixindən danışıb:
“Bu gün təkbətək görüşümüz oldu və biz strateji əməkdaşlığımızın hazırkı vəziyyətini, eləcə də gələcək inkişafını müzakirə etdik. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik, ötən müddət ərzində əlaqələr daim inkişaf edib. Rumıniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Buxarest Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Ona görə mən fürsətdən istifadə edərək Rumıniyanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm. Bizim bu gün həm də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığı inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaq imkanımız var. Azərbaycan və Rumıniya liderlərinin son qarşılıqlı səfərləri ikitərəfli münasibətlər üçün möhkəm zəmin yaradıb. Bizim iki ölkə arasındakı siyasi, iqtisadi, enerji, humanitar və digər önəmli sahələrdəki əməkdaşlığını, eləcə də beynəlxalq və regional inkişafını müzakirə etmək imkanımız var”.
C.Bayramov deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi son dörd ildə xeyli artıb:
“Son 4 ildə ölkələr arasında ticarət dövriyyəsi artır və 2022-ci ilin sonuna ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq yarım milyard ABŞ dollarını ötüb. Müsbət tendensiya 2023-cü ildə də davam edir. İlkin göstəricilərə əsasən, bu məbləğ 9 ayda artıq 526 milyon ABŞ dollarına çatıb”.