Ermənistan Fransa ilə müdafiə sektorunda, o cümlədən silah alışı məsələlərində əlaqələrini intensivləşdirib və hazırda bu istiqamətdə irəliləyiş müşahidə olunur.
Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Biz Fransa ilə müdafiə sahəsində əlaqələrə başlamışıq. Xüsusilə, “Bastion” zirehli texnikası alınacaq. Şadam ki, Fransa ilə təhlükəsizlik sahəsində irəliləyiş əldə edirik. Və bu iş inkişaf edəcək”, – Qriqoryan bildirib.
Oktyabrın 3-də İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Katrin Kolona Parisin hərbi yardım haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib. Fransa artıq Ermənistana “Bastion” çoxməqsədli hücum zirehli texnikası göndərib və Paris də üç hava hücumundan müdafiə radarı tədarük etmək niyyətindədir.