Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
Sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb.