24 Noyabr 2023-cü ildə Azərikard şirkəti özünün unikal, innovativ “TezÖdə” ödəniş alətinin təqdimatını keçirdi. Tədbir tərəfdaş bankların nümayəndələrini, aparıcı fintex şirkətlərini, strateji tərəfdaşları və digər dəyərli qonaqları bir araya gətirərək, dinamik və olduqca pozitiv bir mühit yaratdı.
Azərikard-ın baş direktoru Fərid Quliyev tədbiri açaraq, şirkətin 26 illik uğurlu yolunu, strateji istiqamətlərini və “TezÖdə” ödəniş alətinin xüsusiyyətlərini vurğuladı. O, komandaya və tərəfdaşlara şirkətin inkişafına dəyərli töhfələri üçün təşəkkürünü bildirdi.
“TezÖdə” ödəniş alətinin rəhbəri və partnyorlarla əlaqələrin idarə olunması şöbəsinin müdiri Emin Mehdiyev, 2022-ci ildə istifadəyə verilən “TezÖdə” alətinin hüdudsuz imkanlarını qeyd etdi. O, “ASAN xidmət” mərkəzlərində, hava limanlarında, parkinq və yanacaq doldurma stansiyalarında sadə və əlçatan kontaktsız və avtomatlaşdırılmış ödəniş imkanlarına nəzər yetirdi.
Azərikard-ın baş direktorun müavini Zakir Əhmədov “TezÖdə” alətinin gələcək inkişaf istiqamətləri və planları haqqında ətraflı məlumat verdi. Tədbirdə ən dəyərli anlardan biri də Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Heydər Əliyev Beynəlxalq Aeroportun direktoru Teymur Həsənovun çıxışları oldu. Natiqlər “TezÖdə”nin müştəri ehtiyacları və gözləntiləri nəzərə alınaraq hazırlandığını vurğuladılar.
Tədbir çərçivəsində Azərikard və Özbəkistan Respublikasının İnnovasiyalar və Texnologiyaların Transferi üzrə Milli Ofisi, eləcə də Azərikard və IT Park Özbəkistan arasında strateji əməkdaşlıq memorandumları imzalandı. Bu tərəfdaşlıq çərçivəsində “TezÖdə” ödəniş alətinin Özbəkistan Respublikasında tətbiqi və bank kartları və fintex sahəsində ən yaxşı dünya və regional təcrübələrin birgə öyrənilməsilə əməkdaşlığı nəzərdə tutulur.
Tədbir “TezÖdə” ödəniş alətinin əsas iştirakçılarının “TezÖdə-nin İlk Müştərisi və İlk Ödənişi”, “Ən Çox Ödəniş Qəbul Edən Operator” və “Ən Fəal Qeydiyyat Aparan İşçi” kimi nominasiyalar üzrə mükafatlandırılması ilə sona çatdı.