Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
“Sülhməramlıların komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, – məlumatda deyilir.
Bildirilir ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmini və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.