-1 C
Baku
Sunday, December 15, 2024

Antiinhisar Xidməti iki qurumun fəaliyyətində nöqsanlar aşkarladı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı “Azgidasert” MMC-nin xarici ölkədə akkreditasiya olunaraq ölkə ərazisində müxtəlif qida mallarının sertifikatlaşdırılması fəaliyyətini həyata keçirdiyi, lakin qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikasında akkreditasiya olunmadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanla əlaqədar olaraq qurum barəsində inzibati xəta barədə protokol tərtib edilib və sifarişçiyə verilmiş uyğunluq sertifikatının ləğv edilməsinə dair müvafiq göstərişlər verilib. Lakin Dövlət Xidmətinin göstərişləri yerinə yetirilmədiyindən qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, Dövlət Xidmətinin protokolları qanuni hesab edilib və qurum barəsində cərimə şəklində inzibati tənbeh tədbiri görülüb. Məhkəmənin qərarı ilə “Azgidasert” MMC tərəfindən qanunsuz tərtib edilmiş uyğunluq sertifikatının ləğvi təmin edilib. 

Bundan əlavə, “Certus” MMC-nin təqdim etdiyi uyğunluq sertifikatlarının düzgün tərtib edilmədiyi və uyğunsuzluqların olması ilə bağlı şübhəli hallar Dövlət Xidməti tərəfindən müəyyən edilib. Belə ki, sertifikatlaşdırılmış məhsulun standartının tələblərində yoxlanılmalı olan bir neçə göstəricinin (parametrin) nəzərdə tutulmasına baxmayaraq, yalnız bir göstərici üzrə laboratoriya sınağının aparıldığı və sertifikatın verildiyi aşkar olunub.

Nöqsan aşkar edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsi barədə müvafiq göstərişin verilməsinə baxmayaraq, təyin olunmuş müddət ərzində “Certus” MMC tərəfindən Dövlət Xidmətinin yazılı tələbləri yerinə yetirilməyib. Nəticə etibarilə, “Certus” MMC-yə verilmiş akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər