Azərbaycan Dövlət Neft Fondu (ARDNF) effektiv makro-iqtisadi çərçivənin önəmli tərkib hissələrindən biridir. Bununla yanaşı, yarandığı vaxtdan etibarən əsasən sabit gəlirli qiymətli kağızlardan ibarət investisiya portfelinə malik ARDNF vəsaitlərin idarə edilməsi sahəsində də mühüm inkişaf yolu keçərək hazırda qlobal investor kimi dünyanın 60-dan çox ölkəsində, demək olar bütün iqtisadi sektorlara, 17 valyutada ifadə olunan fərqli aktivlər üzrə 3400-ə yaxın yatırımlar həyata keçirməkdədir.
Bu barədə Azərbaycan Dövlət Neft Fondundan bildirilib.
“Vəsaitlərinin həcmi 2001-ci ildə 270 milyon ABŞ dolları təşkil edən ARDNF-nin portfeli cari ilin sentyabrın 30-na 55 milyard 521.27 milyon dollar təşkil edir ki, bunun da hamısı xarici valyutada saxlanılır. Fondun büdcəsinin xərc istiqamətlərini qarşılamaq məqsədilə vəsaitlərinin müəyyən hissəsi Azərbaycan manatında saxlanılır ki, bu da investisiya portfelinin tərkibinə daxil deyil. Ümumi aktivlərin həcmi ilə investisiya portfelinin həcmi arasındakı fərq məhz bu göstərilən səbəbdəndir. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində fondun vəsaitinin idarə olunmasından 2 milyard 651,1 milyon manat (1 559,5 milyon dollar) məbləğində gəlir əldə edilib”, – deyə ARDNF-nın cavabında bildirilir.