Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, uçot faiz dərəcəsinin işə düşməsi üçün zaman tələb olunur. Bazar iştirakçıları, əsasən də maliyyə təşkilatları bu yeni çərçivəyə öyrəşməlidir və onlarında davranışı da çox rol oynayır.
Banker.az xəbər verir ki, onun fikirlərinə görə hazırda bazarda böyük likvidlik var.
“Bizə vaxt tələb olunur ki, bu likvidliyi sterilizasiya edək. Yüksək likvidlik şəraitində bizim faizlər işləmir. Çünki hesablarda kifayət qədər yüksək vəsaitlər var və artıq bizim faizlərimizə reaksiya vermir. Biz ona görə pulun həcmini o səviyyədə saxlamalıyıq ki, pulun həcmi AMB-nin düşündüyü dəhlizdə olsun”.
AMB sədri qeyd edir ki, əsas siyasətimiz uçot faiz dərəcəsi ilə həyata keçir. Məqsəd isə uçot faiz dərəcəsi ilə banklarası faizlərə və dolayısı ilə uzunmüddətli kredit və depozit faizlərinə təsir etməkdir.
Kazımov növbəti ildə uçot faiz dərəcəsi siyasətinin bazara təsirini görə biləcəyimizi də vurğulayıb.