Türkiyə-Azərbaycan Universitetində yaradılacaq model heç bir modelin təkrarı olmayacaq.
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Universitet həm Azərbaycan, həm də əcnəbi tələbələrə keyfiyyətli təhsil verəcək: “Azərbaycan universitetlərinə əcnəbi tələbələrin gəlməsi bizim üçün vacib məsələlərdən biridir. İxtisaslara gəldikdə isə növbəti illərdə ixtisasların sayı artırılacaq”.
Nazir müşaviri Universitetin maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirib: “Türkiyə tərəfi Azərbaycanla birlikdə akademik dəstək göstərəcək. İnzibati tərəfi də daxil olmaqla maliyyə dəstəyi də Azərbaycan tərəfindən göstəriləcək”.
Təhsilin ödənişli və ya dövlət hesabına olması məsələsinə gəldikdə isə müşavir bildirib ki, gələcəkdə hər iki forma nəzərdə tutula bilər: “Bu barədə yaxın vaxtlarda məlumat veriləcək”.