Gəncə Şəhər Birləşmiş Xəstəxanasında audit aparılıb.
Hesablama Palatasından verilən xəbərə görə, 2023-cü ilin İş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası (bundan sonra – Xəstəxana) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşımışdır.
2021-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində müxtəlif mənbələr hesabına Xəstəxananın gəlirləri müvafiq olaraq 39162,1 min manat, 47120,2 min manat və 37224,7 min manat, xərcləri isə bu gəlirlərin müvafiq olaraq 96,9%, 102,2% və 90,5%-ni təşkil etmiş, Xəstəxanaya 16621,6 min manat dəyərində tibbi sərfiyyat əvəzsiz verilmişdir.
Xəstəxana 2023-cü ildə 10 xəstəxana, 1 mərkəz, 11 poliklinika, 1 ailə sağlamlıq mərkəzi, eləcə də təcili tibbi yardım stansiyası və avtomaşınlar qarajını əhatə etmiş, islahatlar nəticəsində A. Səhhət adına və Z. Məmmədov adına xəstəxanaların şöbələri ayrıca xəstəxana kimi smetada təsdiq olunsa da, tibbi xidmətin göstərilməsinə dair hesabatlılıq hər biri üzrə aparılmamışdır ki, bu da həmin tibb müəssisələri üzrə müstəqil şəkildə təhlillərin həyata keçirilməsinə imkan verməmişdir.
Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyindəki bir neçə müəssisənin Xəstəxananın əhatəsinə daxil edilməməsi ştat və çarpayı sayının azalmasına səbəb olmuş, çarpayı sayının azalması daha sürətli olmuşdur. Belə ki, icbari tibbi sığorta sisteminə keçidlə bağlı çarpayı sayı 2020-ci ildəki 1160-dan 981 vahidə enmiş və auditin əhatə illərdə sabit qalmış, ştat sayında isə 2021-ci ildə əvvəlki ilin 3933 vahid göstərici ilə müqayisədə müşahidə edilən azalma (243 vahid), 2022-2023-cü illərdə artımla əvəzlənmiş, ştat sayı isə müvafiq olaraq 3715 və 3723 vahid təşkil etmişdir. Başqa sözlə, icbari tibbi sığortanın tətbiqi ilə çarpayı sayının sabit qalması fonunda, ştat sayında az da olsa, artım baş vermiş, bu artım kadr potensialının idarə olunmasının funksional fəaliyyətə uyğunlaşdırmadan qeyri-tibb heyəti hesabına formalaşdırılmışdır.
Qeyri-tibb heyətinin payı ümumilikdə ştat cədvəli üzrə yuxarı olmuş, 2019-cu ildə 11,3% və 2020-ci ildə 11,0% səviyyəsindən 2023-cü ildə 35,2%-ə çatmışdır. Ümumiyyətlə, inzibati və maliyyə idarəetməsi ilə bağlı ştat sayı 2021-2023-cü illərdə artaraq 637 vahiddən 665 vahidə çatmış, cəmi ştat sayında xüsusi çəkisi 17,1%-dən 17,9%-ə yüksəlmişdir.
Xəstəxana tərəfindən sair heyət üzrə vakant yerlərin tutulmasına üstünlük verilməsi, eləcə də tibbi xidmətlərin göstərilməsi üzrə bağlanmış əməkdaşlıq müqaviləsi diqqətə alınmaqla ştat sayının və strukturunun optimallaşdırılmaması bu kateqoriyadan olan işçilərin xüsusi çəkisinin artımını şərtləndirən əsas amillərdən olmuş, göstərilənlər, son nəticədə, dövlət vəsaitlərinin nəticəli və səmərəli istifadə imkanlarını məhdudlaşdırmışdır.
Xəstəxananın tabeliyində olan tibb müəssisələrində sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən tibb işçiləri praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmuş, 47 həkimin sertifikatının bitmə müddəti bir ay – iki il arası olmuşdur.
Dövlət əmlakının istifadəyə verilməsi hüquqi aktlarda müəyyən edilmiş prosedurlar pozulmaqla həyata keçirilmiş, bağlanılmış icarə və əməkdaşlıq müqavilələrinin tələblərinə əməl olunmamış, səhiyyə sistemində aparılan islahatlar çərçivəsində əmlak üzərində mülkiyyət hüququnun dəqiqləşdirilməsi həyata keçirilməmişdir. Qeyd olunanlar icbari tibbi sığorta fondunun vəsaitlərinə əlavə tələbat yaratmış, gəlir əldə etmək imkanlarını və dövlət əmlakının funksional fəaliyyətin icrasında istifadə imkanlarını məhdudlaşdırmışdır.
Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təmin etsə də, Xəstəxana tərəfindən müqavilələr bağlanılmaqla blanklar alınmış, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin və qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhalinin sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırmış, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olmuşdur.
Audit zamanı Xəstəxananın tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində 2023-cü ilin 4 dekabr tarixində 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 14 nəfər, 15 dekabr tarixində 30 nəfər xəstə stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olmuş, stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbənin müdirinin müvafiq razılığı olmamışdır.
Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, eləcə də müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olmuş, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə 2,0 dəfə, 2023-cü ilin 9 ayı ərzində 2021-ci ilin göstəricindən 2,8 dəfə, 2022-ci ilin göstəricindən 1,4 dəfə çox vəsait daxil olmuşdur. Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olmuş, nəticədə pay göstəricisi yüksəlmişdir.
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmamış, xidmətlərin dəyəri gecikmələrlə ödənilmişdir. Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq Agentlik tərəfindən 2-3 ay da əlavə olmaqla ekspertizadan keçirilmişdir, hər ilin son 2 ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilmişdir.
Auditin əhatə etdiyi hər bir dövr üzrə imtina hallarının cəmi sayda xüsusi çəkisi azalma tempinə malik olmuş, ekspertizadan keçmiş xidmətlər isə 2022-ci ildə əvvəlki ilə nisbətdə say ifadəsində 2,1 dəfə, məbləğ ifadəsində isə 1,7 dəfə çoxalmışdır. Auditin əhatə etdiyi dövr üzrə 1 vahid xidmətə düşən dəyər azalma meylli olmuşdur ki, bu da bir daha göstərilən gəlirlərin daha çox kəmiyyət baxımından say vasitəsilə artırıldığını qeyd etmək imkanı verir. Qeyd edək ki, auditin əhatə etdiyi dövr üzrə ən yüksək dəyərli xidmət cərrahi stasionar, ən aşağı dəyərli xidmət ambulator xidmət üzrə olmuş, bunun müqabilində ambulator xidmətlərin sayı daha çox olmuşdur.
Maliyyə axınlarının sığorta sisteminin prinsiplərinə və hüquqi aktların tələblərinə uyğun şəkildə idarə olunmaması sığorta sisteminin dayanıqlılığına təsir edən əsas riskləri formalaşdırmışdır. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə hüquqi aktların tələblərinə zidd olaraq vəsaitin tamamilə və ilkin tibbi-sanitariya yardımı üzrə isə nəzərdə tutulmuş qaydada ödənilməməsi Xəstəxananın maliyyə imkanlarının məhdudlaşmasına səbəb olmuşdur.
Gəncə əhalisinin sayı nəzərə alınmaqla aparılmış hesablamalar ilkin tibbi-sanitariya yardımı üzrə vəsaitin məbləğinin 4500,0-5000,0 manat təşkil edə biləcəyini, həmçinin Xidmətlər Zərfi çərçivəsində göstərilmiş və ekspertizadan keçmiş xidmətlərin dəyərinin Xəstəxanaya tam ödənilmədiyini diqqətə alsaq, Xəstəxananın maliyyə dayanıqlılığının təmin edilməsində məhdudiyyətlərin olduğunu vurğulamaq olar.
İcbari tibbi sığorta fondunun vəsaitlərinin istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin Agentlik tərəfindən zəif tətbiq edilməsi Xidmətlər Zərfinə daxil olmayan xidmətlər üzrə 948,7 min ödəniş aparılması ilə nəticələnmişdir.
Əməyin ödənişində VTC ilə bağlı payın azalması ilə müşahidə edilən müsbət meyillər fonunda tibbi xidmətlərin göstərilməsi ilə bağlı ödəmələrin həyata keçirilməsində məhdudiyyətlər və işin nəticələrinə görə ödənilən həvəsləndirici əlavələrin görülən işin dəyərindən kəskin az olması “xidmət-gəlir” uzlaşmasının tam təmin edilmədiyini, eləcə də keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə bağlı əməyin stimullaşdırılması alətlərinin düzgün tətbiq olunmadığını vurğulamaq imkanı verir.
Auditin əhatə etdiyi dövrdə Xəstəxanaya digər tibb müəssisələrindən göndərişlər əsasında xəstə müraciətləri olmuşdur. Həmin müraciətlər əsasında 10489 xəstəyə 25458 növdə göstərilmiş xidmətin 1476062,4 manat dəyəri Xəstəxanaya ödənilmiş, baxılan dövrdə müraciətlərin sayı artmış, 2023-cü ilin auditlə tam əhatə olunmadığını nəzərə alsaq bu meyilin davam edəcəyini diqqətə çatdırmaq olar.
Audit sübutları ümumilikdə müraciətlərin sayının daha çox olduğunu göstərir. Belə ki, seçmə qaydasında 2023-cü ilin iyun ayı üzrə ümumilikdə 16925 müraciətin yalnız 9-u ilə bağlı vəsait ödənildiyini göstərir. Göndəriş kimi sistemə daxil edilmiş bu müraciətlərin ümumi dəyəri 56997 manat təşkil etmiş, ödənilməsindən imtina olunmuş 16916 halın 15293-də həkim göstərişi olmadan icra edilmiş laboratoriya müayinəsi, 982-də Xidmətlər Zərfinin tələblərinə uyğun olmayan xidmət olması və 470-də təsdiq edilmiş nəticənin olmaması səbəb olaraq göstərilmişdir.
Eləcə də, Xəstəxanaya tibbi xidmət üçün müraciət etmiş vətəndaşlar bəzi hallarda müayinə və müalicənin mümkün olmaması səbəbindən digər tibb müəssisələrinə göndərilmişdir. Ümumilikdə baxılan dövrdə 7813 halda dövlət, 18285 halda qeyri-dövlət tibbi müəssisələrinə göndəriş verilmiş, 2021-ci illə müqayisədə hər iki halda artım meyili müşahidə olunmuşdur.
Digər tibb müəssisələrinə göndərişlərin 50,0%-dən çoxu 3 istiqamət üzrə formalaşmışdır. 5189 halda həkim radioloq, 4437 halda həkim invaziv-radioloq və 3984 halda həkim oftalmoloq xidmətləri üçün dövlət və qeyri-dövlət tibb müəssisələrinə göndəriş verilmişdir.
Xəstəxanaya daxil olmuş göndərişlərin təhlili də göstərir ki, ümumilikdə dəyəri ödənilmiş 25458 xidmətin 8192-si və ya 32,2%-i radiologiya ilə bağlı olmuşdur. Tabeliyində Oftalmologiya xəstəxanasının fəaliyyət göstərdiyini, eləcə də Xəstəxananın radiologiya ilə bağlı xidmətlər təqdim etdiyini diqqətə alsaq bu iki istiqamətin kadr potensialının və maddi-texniki təminatının gücləndirilməsinin əlavə gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və əhaliyə daha çeşidli xidmətlər göstərilməsinə şərait yaradacağını qeyd etmək olar.
Tibbi xidmətlərə dair hesabat məlumatlarının üzləşdirilməməsi və dəqiqləşdirilməməsi tibbi müəssisələri və tibbi xidmətlərə dair ölkə üzrə cari vəziyyət ilə bağlı məlumatların təhrif olunması risklərinə yol açmışdır.
Çarpayı sayının 2021-2022-ci illərdə sabit qalmaqla 2019-cu illə müqayisədə 15,1% azaldılması fonunda qəbul edilən xəstələrin sayı 2021-ci ildə 9,4%, 2022-ci ildə 4,6% azalmış, bu azalma fonunda isə çarpayı günlərinin sayı və 1 çarpayının orta işləmə müddəti 2021-ci ildə müvafiq olaraq 47,5% və 54,3%, 2022-ci ildə isə 38,5% və 46,2% azalmışdır. Qeyd edək ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstə sayında 5,3% artım müşahidə edilsə də, digər iki göstərici üzrə 12,9% və 12,5% azalma olmuşdur. Bu meyilin bir tərəfdən xidmətlərin dəyərinin ödənilməsi istiqamətində atılan addımların müsbət təsiri altında formalaşdığını vurğulamaq imkanı versə də, aparılmış nəzarət tədbirlərinin nəticələri ilə sübut olunduğu kimi, səhiyyə xidmətlərinin statistikasının təşkili ilə bağlı bir sıra mənfi amillərin təsiri də az olmamışdır.
Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnmişdir ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırmışdır.
Toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilmişdir. Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməmiş, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmamış, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilmişdir.
Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilmiş, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmamış, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilmişdir. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilmişdir.
Toplanmış audit sübutları Xəstəxananın tabeliyində fəaliyyət göstərən Stomatoloji poliklinika bölməsi üzrə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri siyahısına daxil olan dişlərin müalicəsi üzrə artıq vəsaitin alınması, həmçinin bəzi hallarda ümumiyyətlə vəsait alınmasının rəsmiləşdirilmədiyini göstərir. 2021-ci il ərzində 6880 müraciət üzrə bu xidmət göstərilsə də, il ərzində vəsait daxil olmamış, yalnız ilin sonunda 1,2 min manat məbləğ birdəfəlik qaydada kassaya ödənilmişdir. Eləcə də, Xəstəxana tərəfindən tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verilmiş, Xəstəxana tərəfindən yerinə yetirildiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmamışdır.
Auditlə əhatə olunmuş illərdə 51 satınalma keçirilmiş, ümumilikdə baş tutmuş satınalmalar çərçivəsində 7708,0 min manat dəyərində müqavilə bağlanılmış və 3581,8 min manat vəsait icra edilmişdir. Keçirilmiş satınalmaların yalnız 7,8%-i birmənbədən satınalma metoduna aid olmuş, əsasən müsabiqəli metodlara üstünlük verilmişdir. Xəstəxananın satınalma planları müəyyən edilmiş müddətdə hazırlanaraq müvafiq qaydada internet səhifəsində yerləşdirilsə də, planlar hüquqi aktların tələblərinə uyğun tərtib edilməmiş, eləcə də, icra prosesində həmin planlara riayət edilməmişdir.
Auditin əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmamış, Xəstəxana tərəfindən 2021-ci ildə keçirilən satınalmaların hamısı, 2022-ci ildə 65,5%-i dördüncü rübə aid olmuşdur.
Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilmiş, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olmuş, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnmişdir. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılmış, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açmışdır.
Bağlanılmış müqavilələr hüquq aktların tələblərinə uyğun tərtib edilsə də, bəzi xidmətlərin alınması çərçivəsində faktiki tələbatdan daha çox xidmət göstərilməsinin rəsmiləşdirilməsi səbəbindən artıq vəsait icra edildiyi, bəzi hallarda cərimələrin hesablanılmadığı və alınmadığı müəyyən olunmuşdur.
Xəstəxana tərəfindən mühasibat uçotu “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesablar planına uyğun aparılsa da, maliyyə hesabatları “İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesabat formalarına uyğun hazırlanmış, bununla yanaşı hesabatların hazırlanması zamanı bəzi informasiyalar hesabata daxil edilməmiş, bəzi hallarda isə düzgün daxil edilməmişdir.
Bəzi hallarda mövcud aktivlərin dəyərinin mühasibat uçotunda tanınmaması, bir sıra hallarda isə amortizasiya məbləğlərinin düzgün hesablanılmaması son nəticədə maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinə dair hesabat göstəricilərinin təhrifi ilə nəticələnərək aktivlərin dəyərinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırmışdır.
Gəlirlərin tanınması və hesabat dövrünün sonunda müvəqqəti hesabların bağlanması ilə bağlı əməliyyatların mühasibat uçotunda qeydə alınması prosesində uyğunsuzluqlara yol verildiyi müəyyən edilmiş, gəlirlərin az məbləğdə tanınması 2021-ci ilin başa çatan hesabat dövrü üzrə 184,2 min manat ümumi zərər yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda ümumi zərər 19384,9 min manat çox, 2022-ci ildə isə 1809,4 min manat ümumi mənfəət yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda zərər göstərilib.