Bir çox ekspertlər milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar Azərbaycan banklarının müştərilərlə münasibətlərinin nizamlanması üzrə müxtəlif təkliflərlə çıxış etməyə başlayıblar. Xüsusən təklif edilir ki, kredit borcunun bir hissəsi silinsin, bank manatın köhnə və yeni məzənnəsi arasındakı fərqi qarşılasın.
Sonuncu halda, müştərilərinə xarici valyutada borclarını köhnə məzənnə üzrə ödəmək imkanı təqdim etməklə fərqin qarşılanmasını üzərinə götürən “Naxçıvanbank”ın təcrübəsinə istinadən edən ekspertlər analoji təcrübəni digər banklarda tətbiq etməyi təklif ediblər.
Bu məsələni şərh edən Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Trend-ə bildirib ki, bu təcrübəni qalan banklara tətbiq etmək mümkün deyil: “Naxçıvan Muxtar Respublikasında cəmi bir bank – “Naxçıvanbank” fəaliyyət göstərir, onun xarici valyutada kreditləri üzrə portfeli cəmi 800 min dollar təşkil edir. Bu, böyük məbləğ deyil, bankın kifayət qədər vəsaiti var ki, borclulara kredit borclarını köhnə məzənnə üzrə ödəmək imkanı versin”.
Onun sözlərinə görə, belə yanaşmanı bütün ölkə ərazisində tətbiq etmək sadəcə mümkün deyil: “Bu, real deyil. Bütün bankların xarici valyutada kreditlərinin həcmi 4,2 milyard dollar təşkil edir. Bu məbləğləri hətta müqayisə etmək mümkün deyil. Bankların ümumi kredit portfeli 800 min dollar olsaydı, banklar borcların restrukturizasiyası qaydaları barədə hətta düşünməzdilər”.
Z.Nuriyev əlavə edib ki, belə addımı digər banklara ayrıca tətbiq etmək də düzgün deyil: “Ədalət məsələsi ortaya çıxır. Bunu bir banka tətbiq edib, digərinə isə tətbiq etməyə bilmərik. Vergi məsələləri yaranır. Buna görə də digər banklara başqa metodla yanaşmaq lazımdır”.