13 C
Baku
Saturday, November 23, 2024

Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bu müəssisələrin lisenziyaları ləğv olunub

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.

Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.

Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Son xəbərlər
Digər xəbərlər