ABŞ Prezidenti Cozef Bayden administrasiyası mayın 14-də Çindən idxal olunacaq təmiz enerji məhsullarına tarifləri artıracağını elan edəcək.
Bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Rüsum artımı Çin istehsalı olan vacib minerallara, günəş panellərinə və batareyalara şamil ediləcək. Elektromobillərin idxal tariflərinin də 100 faizədək artırıla biləcəyi gözlənilir. Hazırkı 25 faizlik rüsum Çindən idxal edilən ucuz elektromobillərin Amerika bazarına daxil olmasına mane yaradırdı. Bayden administrasiyası, avtomobil istehsalçıları və bəzi qanunvericilər isə ÇXR-də istehsalın genişlənməsi ilə bu tarif dərəcəsinin kifayət etməyəcəyini düşünür.
Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq niyyətində olduğunu elan edib. Dövlət başçısı, həmçinin elektriklə işləyən avtomobillər də daxil olmaqla, strateji sektorları hədəf alan Çin mallarına yeni tariflərin tətbiqini planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp administrasiyası 370 milyard dollarlıq Çin mallarına rüsumlar tətbiq etməklə faktiki olaraq ticarət müharibəsinə başlayıb.