13 C
Baku
Friday, November 22, 2024

Dövlət Xidməti sahibkarları tenderlərdə uduzduran boşluqları açıqlayıb

Dövlət satınalmaları zamanı sahibkarlar təkliflərini verərkən, xüsusilə də mallarda marka, model, mənşə ölkəsini göstərmirlər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

Onun sözlərinə görə, dövlət satınalmaları zamanı sahibkarlar onların tenderdən kənarlaşmasına və ya satınalmalarda uduzmasına gətirib çıxaran bir sıra boşluqlara yol verirlər: “Sahibkarlar mütləq şəkildə təqdim etdikləri təklifdə öz malının markasını, texniki göstəricilərini, model və mənşə ölkəsini göstərməlidir. Çünki, satınalan təşkilat hər hansı malı alırsa, sizin təqdim etdiyiniz məhsulun onun göstəricilərinə uyğun olub-olmadığını bilməlidir”.

O qeyd edib ki, eyni zamanda başqa satınalma, təşkilat üçün alınmış zəmanət ilə digər satınalma təşkilatının tenderində iştirak etmək olmaz: “İqtisadiyyat Nazirliyinin tenderi üçün alınmış zəmanətlə Mənzil İnşaatı Dövlət Agentliyinin tenderində iştirak etməyin ki, yetərsay süni şəkildə təmin olunmasın. Digər tərəfdən sahibkarlar konsorsium şəklində satınalmalarda iştirak edərkən mütləq şəkildə birgə fəaliyyət müqaviləsini təqdim edib, orada öz öhdəliklərini müəyyən etməlidirlər”.

Ə. Həsənov həmçinin deyib ki, son zamanlar satınalma təşkilatları şərtlər toplusunda tələb olunmayan əlavə sənədlərin satınalan təşkilata təqdim edilməsindən şikayətlənir: “Bunu biz də öz müşahidələrimizdə görürük. Məsələn, satınalan təşkilat 5 texnika istəyir, ancaq portala 50 texnikanı yüklənilib, onların arasında isə həmin 5 texnika yoxdur”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər