13 C
Baku
Friday, November 22, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Həftənin ən önəmli hadisələri 

ABŞ-dan, Avrozonadan və Yaponiyadan gələn inflyasiya məlumatları önümüzdəki həftə boyunca ön planda olacaq. 

ABŞ inflyasiya məlumatları 

FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksi cümə günü açıqlanacaq və ilin qalan hissəsi üçün faiz dərəcələrinin istiqaməti ilə bağlı ipucları üçün yaxından izləniləcək. 

Keçən həftə FED protokollarından sonra bazarlar daha uzun müddət ərzində daha yüksək faiz dərəcələri ilə bağlı söhbətlərə boyun əyməyə başladı, mərkəzi bank rəsmiləri isə inflyasiyanın həqiqətən də etibarlı eniş trayektoriyasında olub-olmadığına dair şübhələrini ifadə edən ehtiyatlı bəyanatlar verdilər. 

İnvestorlar həftə ərzində FED-in qubernatorları Mişel Bouman və Lisa Kuk, Klivlend FED-in sədri Loretta Mester, Nyu-York FED-in sədri Con Uilyams və Atlanta FED-in sədri Rafael Bostic də daxil olmaqla bir çox bank rəsmisini dinləmək imkanı əldə edəcəklər. 

İqtisadi təqvim həmçinin cümə axşamı günü birinci rüb üzrə ABŞ iqtisadiyyatı üçün yenidən işlənmiş ÜDM məlumatlarını və çərşənbə günü FED-in “Bej Kitab” hesabatını ehtiva edir. 

EUR 

Avropa Mərkəzi Bankı (AMB) iyun ayında keçirdiyi iclasda faiz dərəcələrini rekord səviyyədə olan 4%-dən aşağı salacağına söz vermişdi. Bu səbəbdən də bu həftənin cümə günü Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi göstəriciləri böyük maraq doğurur. Həmçinin, çərşənbə axşamı günü Almaniyada da CPİ nəticələri dərc olunacaq. 

İqtisadçılar may ayında Avrozonada inflyasiyanın apreldə olan 2.4%-dən hər il 2.5%-ə qədər artacağını, baza inflyasiyanın isə 2.7% səviyyəsində sabit qalacağını ehtimal edirlər. 

Lakin, analitiklər hesab edirlər ki, bu, çətin ki, ECB-ni iyun ayında faiz endirimindən çəkindirsin. Bəzi ECB rəsmiləri isə monetar siyasətin erkən yumşaldılmasına ehtiyac olmadığını iddia edirlər.

Böyük Britaniyadan iqtisadi rəqəmlər 

Bu həftə invvestorlar cümə axşamı günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışında bankın pul-kredit siyasətinin gələcəyinə dair ipucları arayacaqlar. 

Ötən həftəyə 1.27$ səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2760 səviyyəsinə qədər bahalaşsa da, burada müqavimətlə qaşılaşaraq bir qədər ucuzlaşmış və həftəlik şamını 1.2730 səviyyəsində tamamladı. 

“Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər. 

Yaponiyada iqtisadi göstəricilər 

Bazarlar Yaponiya Mərkəzi Bankının (BoJ) növbəti faiz artımının nə vaxt baş verə biləcəyini ölçməyə çalışarkən cümə günü açıqlanacaq Tokyo inflyasiya məlumatları yaxından izləniləcək. 

İnflyasiya rəqəmləri BoJ-un növbəti iclasından iki həftə əvvəl gələcək və analitiklər mərkəzi bankın bu ildə ikinci dəfə faiz dərəcələrini artıra biləcəyini düşünürlər. 

NEFT 

Cümə günü neft qiymətləri təxminən 1% bahalaşdı. Lakin, güclü ABŞ iqtisadi məlumatlarının faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı və yanacağa tələbi azaldacağına dair narahatlıqlar səbəbindən həftəlik şamını enişlə tamamladı. 

“Brent” nefti həftəni 2.1% enişlə ilə başa vurdu. Keçən həftə, 2 yanvardan bəri ən uzun itki seriyasını yaşayaraq, ardıcıl dörd sessiya ucuzlaşdı. ”WTI” nefti isə həftəlik müqayisədə 2.8% ucuzlaşıb. 

İqtisadçılar hesab edirlər ki, yüksək faiz dərəcələri borclanma xərclərini artıra, iqtisadi aktivliyi ləngidə və neftə tələbi azalda bilər. 

“Morgan Stanley” analitikləri daha geniş perspektivdə neft tələbinin güclü olaraq qaldığını qeyd edərək əlavə ediblər ki, bu il ümumi neft istehlakının günlük təxminən 1.5 milyon barel artacağını gözləyirlər. 

Ötən həftəyə 84.30$ həddindən başlayan “Brent” nefti, həftə ərzində 84.80$-a kimi bahalaşsa da, daha sonra azalan tələb fonunda 80.90$-a kimi ucuzlaşdı. Lakin, bu səviyyədən dəstək tapan OİLUK pariteti bir qədər bahalaşdı və həftəlik şamını 82.40$ həddində bağladı. 

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi

artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər. 

XAUUSD 

Qızıl ötən həftənin bazar ertəsi günü yeni tarixi maksimum yaratdıqdan sonra, ABŞ-da proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin FED-in faiz dərəcələrini hələ uzun müddət yüksək saxlayacağı ehtimallarını gücləndirməsi fonunda bu ilin ən böyük həftəlik enişini yaşadı. 

Ötən həftəyə 2418$ səviyyəsindən başlayan və 2450$-a kimi bahalaşaraq tarixi maksimumlarını yeniləyən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilərin təsiri ilə sürətlə ucuzlaşdı və həftəlik şamını 2334$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Ayılar” qiyməti 2300$ həddinin altına qaytara və orada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. 

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz. 

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Tədris və Analiz Departamenti 

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir. ______________________________________________________ 

Risk bildirişi. 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər