12 C
Baku
Sunday, November 24, 2024

Gəlirli məhsuldur, həm yerli bazarda satılır, həm xarici bazara çıxarılır

Masallıda çiyələk sahələri 30 faiz genişlənib. Ötən təsərrüfat ilində 266 hektar sahədə çiyələk yetişdirən təsərrüfat sahibləri bu il əkin yerini 300 hektara çatdırıblar. Çiyələk əsasən Masallının Şərəfə, Təklə, Çaxırlı, Təzə Alvadı və Köhnə Alvadı kəndlərində yetişdirilir. Havaların əlverişli keçməsi məhsuldarlığa müsbət təsir göstərib.

Fermer Seyran Muradov 11 ildir çiyələk əkini ilə məşğuldur. Rayonun Köhnə Alvadı kəndində icarəyə götürdüyü torpaq sahəsində çiyələk yetişdirir. İlk dəfə 4 hektar sahədə əkin aparmaqla işə başlayan fermer deyir ki, gəlirli olduğundan təsərrüfatı ilbəil genişləndirərək 27 hektara çatdırıb: “Çiyələk gəlirli məhsuldur. Məhsulumuzu xaricə də çıxara bilirik. Azərbaycanın özündə də satırıq. Sağ olsun dövlətimiz, bizə dəstək verir. Hazırda çiyələyin kilosunu sahədə daxili bazar üçün 3 manata satırıq. Həmçinin Rusiyaya və Qazaxıstana göndəririk”.

Fermer Elşən Rzayev isə bildirib ki, əsasən, “Murano” sortundan olan çiyələk əkilib. Bu sort çiyələk uzaq məsafəyə daşınma üçün sərfəlidir, keyfiyyəti də yaxşı olur.

Sahələrdə məhsul boldur. Çiyələk yığımı oktyabrın əvvəllərinədək davam edəcək.

Masallıda ötən il 1702 ton çiyələk yığılıb. Bu il məhsul tədarükünün artacağı proqnozlaşdırılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər