Ermənistan hökuməti Fransa İnkişaf Agentliyi tərəfindən bu ölkəyə 75 milyon avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan sazişi təsdiqləyib.
Bunu hökumətin iclasında həmin layihəni təqdim edən maliyyə naziri Vahe Ovannisyan deyib.
“Proqram üç əsas komponentdən – dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət qiymətli kağızlarının emissiyası və idarə olunması üçün çərçivənin və pul bazarı infrastrukturunun gücləndirilməsi, biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması, ocümlədən, daha şəffaf idarəetmənin təmin edilməsindən ibarətdir”, – erməni nazir bildirib.
Onun sözlərinə görə, qeyd olunan komponentlər çərçivəsində büdcə planlaşdırılmasının səmərəliliyinin artırılması, risklərin idarə edilməsi, “yaşıl iqtisadiyyat” siyasətinin işlənib hazırlanması, “yaşıl maliyyə” alətlərindən istifadənin genişləndirilməsi və sair islahat istiqamətləri müəyyən edilib.