13 C
Baku
Friday, November 22, 2024

Bakı və İstanbul metropolitenləri anlaşdı

Gələn il Bakıda keçiriləcək dünya metropolitenlərinin ilk beynəlxalq konfransının təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.

Sənədi “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özgür Soy imzalayıblar.

“Metrokonnekt” (MetroConnect) adlandırılan konfrans gələn ilin aprelində baş tutacaq. Konfransın gündəliyində inşaat, vaqon yığılması və təmiri, metropolitenin qurğu, avadanlıq və sistemləri ilə bağlı son nailiyyətlər, innovativ texnologiyalar, süni zəkanın rolu, təmir və xidmət zamanı əsas problemlər, o cümlədən standartlar və təhlükəsizlik, sərnişin məmnunluğu sahəsindəki təcrübə mübadiləsi, elmi-tədqiqat uğurları və s. mövzular xüsusi yer alacaq.

Konfransın təkcə metropolitenlər deyil, eyni zamanda istehsalçılar, habelə elmi-tədqiqat və təhsil müəssisələri üçün marağı nəzərə alınaraq, sərgi və Bakı metropolitenində tətbiq edilmiş innovasiyaların, metropolitenlər üçün mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlərə dair ekskursiyaların təşkili nəzərdə tutulub.

Konfransda istehsalçılar və elm, təhsil və tədqiqat sahələri mütəxəssislərinə də yer ayrılacaq. Bakıda bütün iştirakçıların maraqlarına uyğun müzakirələr, ikitərəfli görüşlər, müxtəlif təşkilatlar üçün açıq platformalar və uyğun şərait yaradılacaq. Tədbir aktual məsələlərə uyğun bir neçə müzakirə panelindən ibarət olmaqla iki gün ərzində davam etdiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər