Keçən il Azərbaycanın fond bazarında səhmlər emissiya etməklə nizamnamə kapitalını artıran spirtli içki istehsalçısı “A+Co” Açıq Səhmdar Cəmiyyətinin* (Aplus Co) dövlətə 46 milyon manata yaxın həcmində borcu olduğu göstərilir.
Banker.az Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin 16 avqust 2024-cü il üzrə göstəricilərinə istinadən xəbər verir ki, borcun həcmi 45 973 079 manat təşkil edib.
Keçən il bu şirkət Bakı Fond Birjasında 190 min manatlıq yeni səhmlər buraxmışdı. Səhmlərin 100%-ə Nəbiyev Məhayət adlı fiziki şəxs nəzarət edir.
Şirkət sonuncu dəfə 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb və 2022-ci ili 2 milyon 45 min manat mənfəətlə başa vurub. 2021-ci ildə ASC-nin mənfəəti 2 milyon 314 min manat olub ki, bu da illik müqayisədə 12% azalma deməkdir. (ətraflı)
Xatırladaq ki, “A+Co” Açıq Səhmdar Cəmiyyəti 22.12.1997-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalı və satışının həyata keçirilməsidir.
*VÖEN: 1900056271