15 C
Baku
Sunday, November 24, 2024

Narendra Modi Ukraynaya səfər edib

Hindistanın Baş naziri Narendra Modi Ukraynaya səfər edib. Bu, 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra Hindistanın Baş nazirinin Ukraynaya ilk səfəridir, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Hindistanın Baş nazirini səfərdə xarici işlər naziri Subrahmanyam Cayşankar və milli təhlükəsizlik müşaviri Ajit Doval müşayiət edir.

Modinin avqustun 23-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir. Onlar həm nümayəndə heyətlərinin tərkibində, həm də təkbətək danışıqlar aparacaqlar. Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsinə xüsusi diqqət yetiriləcək.

Modi Ukraynaya Zelenskinin dəvəti ilə gəlib. Bundan əvvəl, avqustun 21-dən 22-dək o, Polşada səfərdə olub. Hindistan diasporunun nümayəndələri ilə görüşdə Modi Hindistanın Avropada sülhün tərəfdarı olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti Ukraynadakı münaqişəni birgə səylərlə həll etməyə çağırıb.

Hindistanın Baş nazirinin Polşa və Ukraynaya səfəri onun Moskva səfərindən bir neçə həftə sonra baş tutub. Modi iyulun 8-dən 9-dək Rusiyada olub. Bu, onun 2019-cu ildən bəri Rusiyaya ilk səfəridir. Sonuncu görüş 2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində baş tutub.

Son xəbərlər
Digər xəbərlər