9 C
Baku
Monday, November 18, 2024

“Qarabağda karxanaların yaradılması tikinti materialları qiymətlərinin aşağı enməsinə kömək edə bilər”

Azərbaycanın tikinti materialları bazarında qiymətlərin aşağı düşməsi üçün Qarabağda tikinti materialları istehsal edən karxanalar yaratmaq olar və bunun üçün xüsusi imkanlar da var:

Bunu “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Ramiz İsayev deyib.

“Qeyd edək ki, hazırda ölkənin işğaldan azad edilmiş bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Mişar daşı Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan inşaat layihələrinin vacib elementidir. Assosiasiya tələbatı nəzərə alaraq sözügedən region üzrə faydalı qazıntı yataqlarının ekspertizasını və monitorinqini aparır, hərraclar təşkil edir. İndiki mərhələdə Ağdam, Xocalı, Kəlbəcər, Füzuli, Qubadlı və Laçın rayonlarında mövcud mişar daşı yataqları artıq istismara verilib”, – R. İsayev bildirib.

Onun fikrincə, Azərbaycanın tikinti materialları bazarında qiymətlərin süni şəkildə artırılması mümkün deyil.

O bildirib ki, bu günədək tikinti bazarında aparılan araşdırmalar zamanı belə bir hala rast gəlinməyib: “Bu halın baş vermə ehtimalı indiki vəziyyətdə mümkün deyil. Belə ki, tikinti materialları bazarı həm daxili istehsal, həm də idxal hesabına formalaşdığı və bu materialların idxalına dövlət tərəfindən hər hansı bir qadağanın qoyulmaması səbəbindən qiymətlərin də süni şəkildə artırılması mümkün deyildir. Əgər tikinti materiallarının idxalına hər hansı qadağa olarsa, bu zaman yerli istehsalçılar tərəfindən süni qiymət artımına cəhdlər ola bilər. Ancaq bu zaman tənzimləyici orqanlar öz funksiyalarını yerinə yetirərək dərhal bunun qarşısını almaq imkanına malikdirlər”.

Tikinti materiallarının qiymətlərinin yaxın və ortamüddətli dövr üçün proqnozlaşdırılmasının hazırda qeyri-mümkün olduğunu diqqətə çatdıran Assosiasiya sədri qeyd edib ki, bu, bir sıra faktor və hallardan asılı bir məsələdir: “Qiymətlərə təsir edən həm xarici, həm də daxili amillər iki qrupa ayrıla bilər. Burada xarici amillər dedikdə yuxarıda da qeyd etdiyimiz kimi geosiyasi amillər və dövlətlərarası münasibətlər, münaqişələr, eləcə də təbii fəlakətlər və gözlənilməz xarici təsirlər nəzərdə tutulur. Daxili amillər isə ölkədə, xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə tikinti bumunun mövcud olması, iqtisadiyyatın idxal-ixrac vəziyyəti, yerli istehsalın cari və gələcək vəziyyətidir. Bu səbəblərin kompleks nəticəsi tikinti materiallarının yaxın və ortamüddətli dövr üçün qiymətlərini müəyyən edir”.

O qeyd edib ki, əgər qiymətlər artmaqda davam edərsə, dövlət bu sahəyə kreditlər ayırıb, bazarda vəziyyəti düzəltməyə çalışa bilər: “Bu, həm sahibkarların, həm vətəndaşların, həm də bankların xeyrinə olar. Bildiyimiz kimi, bir çox məhsulların ölkədə kreditlə satışı təşkil olunsa da, tikinti materialları ilə bağlı yalnız bir neçə şəbəkə mağazaları bunu həyata keçirir. Ona görə də dövlət bu sahəyə dəstək göstərə bilər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər