Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi və Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.
“Biz ikitərəfli ticarət, investisiya və iqtisadi əməkdaşlığın artırılması, o cümlədən türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı məsələlərini müzakirə etdik”, – deyə Zelenski vurğulayıb.
Bundan əlavə, liderlər “sülh formulunun” həyata keçirilməsini ətraflı müzakirə ediblər. Onlar Qara dənizdə azad gəmiçilik şəraitinin təmin edilməsinin vacibliyini və Ukraynanın təşəbbüsünün ərzaq təhlükəsizliyinə dair müvafiq bəndinin həyata keçirilməsində Türkiyənin aparıcı rolunu qeyd ediblər.
Görüş zamanı Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib.