24 C
Baku
Friday, September 27, 2024

Siqeru İsiba Yaponiyanın yeni baş naziri olacaq

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsinə sentyabrın 27-də keiçirilən seçkidə sabiq müdafiə naziri Siqeru İsiba qalib gəlib.

Seçkinin birinci turunda 9 namizəddən heç biri yetərli sayda səs yığa bilmədiyi üçün ikinci mərhələ təşkil olunub. İkinci turda Siqeru İsiba iqtisadi təhlükəsizlik məsələləri üzrə dövlət naziri xanım Takayçi Sanaeyə qalib gələrək, qısa fasilələrlə 1955-ci ildən Yaponiyada hakimiyyətdə olan mühafizəkar Liberal Demokrat Partiyasının rəhbəri seçilib. O, oktyabrda ölkənin baş naziri vəzifəsini tutacaq.

Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağını vəd edib. O, bərpaolunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmaq tərəfdarıdır. Tokionun Vaşinqton ilə müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib.

Siqeru İsiba 2002-2004-cü illərdə Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-2008-ci illərdə müdafiə naziri, 2008-2009-cu illərdə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-2016-cı illərdə yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər