14 C
Baku
Saturday, November 23, 2024

Yeni səhmlər buraxan “Hermes Finance”ın xalis mənfəəti azalıb, aktivləri kiçilib

2023-cü il üzrə lizinq şirkəti “Hermes Finance” ASC-nin maliyyə hesabatına əsasən xalis mənfəəti 1 milyon 254 min manat təşkil edib, bu da keçən illə müqayisədə 13.8% azalmadır. 2022-ci ildə şirkətin xalis mənfəəti 1 milyon 456 min manat olmuşdu.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.

Hesabata əsasən, faiz gəlirləri 6 milyon 281 min manat təşkil edib, bu isə 2022-ci illə müqayisədə 21.3% artım deməkdir (5 milyon 176 min manat). Eyni zamanda, faiz xərcləri 3 milyon 379 min manat olub, bu da ötən ilin göstəricisi 3 milyon 52 min manat müqayisədə 10.7% çoxdur.

Xalis faiz gəliri və ehtiyatlar 2023-cü ildə ehtiyatların ayrılmasına qədər olan xalis faiz gəliri 2 milyon 901 min manat təşkil edib, bu isə 2022-ci illə müqayisədə 14% artımdır (2 milyon 545 min manat). Kreditlər üzrə zərərin tutulmasından sonra xalis faiz gəliri isə 2 milyon 726 min manat olub, 2022-ci ildəki 2 milyon 507 min manatla müqayisədə 8.7% artım nümayiş etdirib.

“Hermes Finance”ın haqq və komissiya xərcləri hesabat ilində 93 min manat təşkil edib və bu öncəki ildə 8 min manat idi.

İşçi heyəti ilə bağlı xərclər isə 571 min manata yüksəlməklə illik müqayisədə 81% artım, ümumi inzibati xərclər isə 443 min manat olmaqla illik müqayisədə 38% artıb.

1 yanvar 2024-cü il tarixinə olan göstəriciyə əsasən 30.49 milyon manat cəmi aktivlərə sahibdir. Bunun yanız 24.16 mln. manatı maliyyə lizinqi və xalis investisiyalardır. 2022-ci ildə onun 33.23 mln. manatlıq aktivinin 25.4 mln. manatı maliyyə lizinqi və xalis investisiyaları idi.

Şirkət məlumat yayıb ki, hər birinin nominal dəyəri 300 manat olan 500 ədəd adi, adlı, sənədsiz səhm buraxır.

Xatırladaq ki, “Hermes Finance” ASC 2018-ci ildə təsis edilib. Hazırda 750 min manat nizamnamə kapitalının 50 faizi Səbinə Sadiq Namiq qızına, 34 faizi Rəvan Cəfərov Əsəd oğluna və 16 faizi Nuranə Mehrəliyeva-Rzayeva Ramiz qızına məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər