Martın 1-dən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir. Yeni Məcəllədəki başlıca maraqlı məqamları son iki ayda ardıcıl izah etməyə çalışdıq. Həmin yeniliklər sabahdan təcrübədə tətbiq olunacaq. Sürücülərin nəzərə almalı olduğu əsas yeniliklər bunlardır.
1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.
2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.
3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.
4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki lşğş 80 manat yox, 100 manat cərimə olunacaq.
5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.
6. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə ilk dəfə 300 manat yox, 400 manat cərimə tətbiq olunacaq.
7. İcbari sığortası olmayan nəqliyyat vasitələrinə də elektron protokol – MMX tərtib olunacaq.
Məcəllədə başqa yeniliklər də var. Görək necə tətbiq olunacaq…
Avtosfer.az