Laçının Bəylik kəndində tikinti işləri davam edir, gələn il buraya 91 ailənin köçürülməsi nəzərdə tutulur.
Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Laçının Bəylik və Güləbird kəndlərində tikinti-bərpa işləri davam edir:
“Sus və Zabux kəndləri tikilərək istifadəyə verilib. 59 ailə Sus kəndinə, 217 ailə isə Zabux kəndinə köçürülüb. Sus kəndinin davamı olaraq Bəylik kəndində işlər davam edir. Gələn ilə 91 ailənin buraya köçürülməsi nəzərdə tutulur. Digər layihə isə Güləbird kəndinin tikintisidir. Burada da layihə işləri davam etdirilir. 2025-2026-cı illərdə bu kəndə sakinlərin köçü nəzərdə tutulur”.
M.Məmmədov, həmçinin qeyd edib ki, Laçında müəyyən ərazilər minadan təmizlənib, təmizlənməyən ərazilərdə təhlükə qalmaqdadır:
“ANAMA ilə birlikdə qiymətləndirmə apardıq. Laçın ərazisi çox böyük olduğundan ANAMA-nın ixtisaslaşmış düşərgəsi qurulub. Həmin düşərgədə 160-a yaxın mütəxəssis çalışır. Bu, ANAMA-nın azad olunmuş ərazilərdə ən böyük düşərgələrindən biridir. Minadan təmizlənməyən ərazilərdə təhlükə qalmaqdadır. Kənd təsərrüfatı işləri və yaxud digər məqsədlərlə girişinə icazə verilməyən ərazilərə səfər etmək istəyənlərlə bağlı məlumatlandırma işləri aparırıq. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq kəndlərdə tikinti işləri ANAMA tərəfindən təmizləmə işləri başa çatdıqdan sonra başlayır”.