İnvestisiya bankı “Goldman Sachs” 2024 və 2025-ci illərdə Çin iqtisadi artım proqnozunu müvafiq olaraq 4.7% və 4.3%-dən 4.9% və 4.7%-ə yüksəldib. Hesabatda deyilir ki, bu, ölkə hakimiyyətinin elan etdiyi yeni stimulların nəticəsidir, hansı ki “tsiklik siyasətlərin nəzərdən keçirilməsini və iqtisadiyyatın vəziyyətinə diqqətin artırılmasını səciyyələndirir”.
Elan edilmiş stimullar ÜDM-in artımına 0.4 faiz bəndi əlavə etməklə ixracın azalması və daşınmaz əmlak bazarındakı böhran nəticəsində yaranan ləngiməni (ümumilikdə mənfi 1.9 faiz bəndi) qismən kompensasiya edəcək, amma bu təsir yalnız bir il davam edəcək. Analitiklər yazırlar ki, 2026-cı ildə iqtisadiyyatın struktur problemləri, o cümlədən demoqrafik və borc yükü ön plana çıxacaq.
Bazarda nə baş verir
Çin fond bazarı hökumətin stimullaşdırıcı xəbərlərə reaksiya verməkdə davam edir. Ötən həftə iyulun sonundan bəri ən pis həftə olub, lakin bu gün CSI 300 indeksi Çin Maliyyə Nazirliyinin özəl sektoru dəstəkləmək və regionların satılmamış daşınmaz əmlakı geri almaq üçün borclanma həddini yüksəltmək vədləri fonunda 1.5% artıb.
Bazar ertəsi xarici ticarət məlumatları bazarları yenidən “soyudub”. Dollarla ifadə edilən ixrac illik müqayisədə cəmi 2.4% artaraq 304 milyard dollara, idxal isə daxili tələbin zəif olması səbəbindən cəmi 0.3% artıb.
Qeyd edək ki, Rusiyaya rekord miqdarda mal ixracı olub. “Pekin avtomobillərdən tutmuş telefonlara qədər hər şeyi istehsal edən Qərb şirkətləri Rusiyanı tərk etdikdən sonra Moskvanı iqtisadi təcridin nəticələrindən qorumağa davam edir”, – “Bloomberg” yazır.