Gürcüstan cari ildə Avropa İttifaqından (Aİ) 121 milyon avro yardımı itirib.
Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O bildirib ki, əgər gürcülər səsvermə yolu ilə Aİ-yə qoşulmağa davam etməmək qərarına gəlsələr, Gürcüstan bütün maliyyə yardımlarından məhrum olacaq.
Herçinski qeyd edib ki, Gürcüstan hökumətinə maliyyə yardımının dayandırılması barədə qərar bir müddət əvvəl verilib və bununla bağlı məlumatlar ötən həftə dərc olunub:
“Gürcüstan 121 milyon dəyərində Aİ yardımını itirib və bu, sadəcə cari yardım proqramlarına aiddir. Əgər gürcülər səsvermə ilə Aİ-yə üzvlük prosesini davam etdirməmək qərarı versələr, üzvlükdən əvvəl yönəldilən maliyyəni, həmçinin Aİ üzvlərinin, xüsusilə də aşağı iqtisadi inkişafa malik ölkələrin qəbul etdiyi bütün maliyyə yardımlarını itirəcək”.
Herçinksi əlavə edib ki, Gürcüstan üçün Aİ-yə üzvlük sülh, sabitlik, inkişaf və firavanlıq anlamına gəlir və qərar qəbul etmək gürcü xalqına qalır: “Ölkənizin gələcəyinə, Gürcüstanın harada olmasına siz qərar verin”.