Çexiyanın dövlət borcu bu ilin üç rübü ərzində 223,1 milyard kron (təxminən 9,6 milyard dollar) artaraq 3,334 trilyon kron (təxminən 143,4 milyard dollar) təşkil edib.
Bu barədə “Blesk” portalı ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyə görə, dövlət borcunun məbləği tarixdə ən yüksək həddə çatıb. 10 milyonluq respublikanın vətəndaşlarının sayına nisbətdə hər birinin nəzəri borcu 306 460 kron (təxminən 13,1 min dollar) təşkil edir.
Ekspertlər dövlət borcunun artımını əsasən yeni dövlət istiqrazlarının emissiyası ilə əlaqələndirirlər. Maliyyə Nazirliyi onlardan keçən ilin büdcə kəsirinin maliyyələşdirilməsi və ödəmə müddəti yaxınlaşan istiqrazların yenidən maliyyələşdirilməsi üçün istifadə edir. Ötən üç rüb ərzində dövlət borcunun respublikanın ÜDM-nə nisbəti 1,5 % artaraq 42,3 %-ə çatıb.