Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın 1,8 milyard manatdan çox olmamasını, kəsirin əsasən qeyri-emissiya mənbələri hesabına maliyyələşdirilməsini, tədricən azaldılmasını məqbul hesab edir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Bununla belə, onun sözlərinə görə, AMB ümumilikdə büdcə layihəsinin fiskal qayda çərçivəsində tərtib olunmasını, müəyyən edilmiş meyarların gözlənilməsini müsbət qiymətləndirir.
“2025-ci ildə büdcə xərclərinin 2024-cü ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 5,4% artırılmasını məqbul hesab edir, büdcə kəsirinin 303 milyon manat azaldılmasını müsbət dəyərləndiririk”, – deyə sədr qeyd edib.