Dünya Bankı 2025-ci ildə Ukraynanın iqtisadi artımının 2,0 faiz azalacağını proqnozlaşdırır. Proqnoz müharibənin bütün ilboyu davam edəcəyi ehtimalına əsaslanır.
Ötən ilin iyununda Dünya Bankı 2025-2026-cı illərdə Ukraynada ÜDM-in ildə orta hesabla 5,8 faiz artım tempini proqnozlaşdırmışdı, “bir şərtlə ki, aktiv hərbi əməliyyatlar 2024-cü il ərzində davam etsin və bundan sonra mülayim xarakter alsın”.
Dünya Bankı hazırda Ukraynanın artımının 2024-cü ildə 3,2 faizə endiyini təxmin edir ki, bu da ticarət və sənaye istehsalına mane olan enerji tutumunun azalması və qışda elektrik enerjisinin kəsilməsi kimi problemləri əks etdirir. Bu maneələrə və infrastruktura qarşı davam edən hücumlara baxmayaraq, iqtisadiyyat artım nümayiş etdirdi.
“İlboyu aktiv döyüşlərin davam edəcəyini fərz etsək, Ukraynanın artımının 2025-ci ildə 2 faizə qədər yavaşlaması proqnozlaşdırılır. 2026-cı ildə istehlaka və yenidənqurmaya sərmayə qoyuluşu ilə dəstəklənən aktiv hərbi əməliyyatlara son qoyulması şərti ilə 7 faizlik sürətli bərpa prosesi gözlənilir”, – deyə icmalda qeyd olunur.
Dünya Bankının məlumatına görə, münaqişə son bir ildə Ukrayna əhalisinin 41 faizinə birbaşa təsir edib. Müdafiə xərcləri 2023-cü ildə ÜDM-in təxminən üçdəbirini təşkil edib.
BVF, öz növbəsində, Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilin sonunda başa çatacağı əsas ssenarisini yeniləyib. Bu ssenari Ukrayna iqtisadiyyatının 2025-ci ildə 2,5-3,5 faiz artacağını, 2026-cı ildə isə artımın 5,3 faizə qədər sürətlənəcəyini nəzərdə tutur.