Çin istehlakçı elektronikası və elektrik avtomobil istehsalçısı “Xiaomi”nin səhmləri çərşənbə axşamı Honkonq birjasında 7.2% artaraq rekord həddə – 48.4 Honkonq dollarına çatıb. Buna şirkətin yeni avtomobilinin alış vergisindən azad olunacağına dair xəbərlər, həmçinin analitiklərin müsbət tövsiyələri kömək edib.
Mütəxəssislər “Xiaomi” şirkətinin martın 18-də dərc etməyi planlaşdırdığı dördüncü rübün nəticələrinə, eləcə də onun inkişaf perspektivlərinə müsbət yanaşırlar. “Daiwa” analitiki Con Çoy hesab edir ki, “Xiaomi” səhmlərinin qiyməti süni intellektdəki inkişaflar, dövlət subsidiyaları və yeni avtomobillərin buraxılması səbəbindən artmağa davam edəcək.
“Xiaomi” 2010-cu ildə yaradılıb. Şirkət smartfonlar, planşetlər, noutbuklar, televizorlar, ağıllı saatlar və velosipedlər, 2024-cü ilin yazından isə elektrik avtomobillər istehsal edir. Onun məhsulları 100-dən çox ölkəyə çatdırılır. Xatırladaq ki, “Xiaomi” ikinci olan YU7 avtomobilini təqdim edib.