Qazaxıstan şirkəti Bakı-Tbilisi-Ceyhan üzrə neft daşımalarını 12% artırıb

Qazaxıstanın “KazTransOil” şirkətinin Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətində neft yükləmələri 2026-cı ilin ilk səkkiz ayında 12% artıb. Banker.az bunu şirkətin açıqlamasına istinadən xəbər verir.

Hesabat dövründə “KazTransOil”un Aktau limanında öz infrastrukturu vasitəsilə tankerlərə yüklədiyi neftin həcmi 2,384 milyon ton təşkil edib. Bunun 1,034 milyon tonu Bakı-Tbilisi-Ceyhan istiqamətinə yönəlib. Beləliklə, BTC istiqamətində daşınma illik müqayisədə 12% artıb.

Ümumilikdə “KazTransOil”un konsolidə edilmiş neft daşımaları və neft məhsullarının ötürülməsi 2026-cı ilin yanvar-avqust aylarında 31,890 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur. Şirkətin magistral neft kəmərləri sistemi ilə neft daşımaları isə 30,639 milyon ton təşkil edib və illik 4% artıb.

Qazaxıstanın Atasu–Alashankou magistral neft kəmərinə ötürülən neftin həcmi 7,602 milyon ton, “Caspian Pipeline Consortium-K” sisteminə ötürülən neft 3,123 milyon ton, Qazaxıstan–Çin boru kəmərləri ilə daşınan neft isə 13,121 milyon ton olub.

“BP Azərbaycan”ın məlumatına görə, BTC üzrə 2026-cı ilin ilk yarısında təxminən 13 milyon ton (97 milyon barel) xam neft və kondensat ixrac edilib və Ceyhan terminalında 131 tankerə yüklənib. Ötən ilin eyni dövründə bu göstərici 13 milyon ton və 106 milyon barel olub.

BTC üzrə ilk yarımildə ümumi xərclər 132 milyon dollar təşkil edib. Bunun 75 milyon dolları əməliyyat, 57 milyon dolları isə əsaslı xərclər olub. Ümumi xərclər illik müqayisədə 46,7% artıb.

1768 km uzunluğunda BTC kəməri 2006-cı ilin iyununda istismara verilib. 2026-cı ilin iyunun sonunadək kəmərlə ümumilikdə təxminən 631 milyon ton xam neft nəql olunub və Ceyhanda 6 276 tankerə yüklənib.

Qeyd edək ki, 1 iyul 2026-cı ildən BTC-nin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər