1 C
Baku
Saturday, February 22, 2025

Milli Depozit Mərkəzinin Avropa bazarında hovuz hesabının açılması üçün danışıqlara başlanılıb

Milli Depozit Mərkəzinin (MDM) Avropa bazarında əsas depozitarlar hesab edilən “Euroclear” və “Clearstream”də hovuz hesabının açılması üçün danışıqlara başlanılıb.

Bu barədə MDM-dən bildirilib.

Qeyd olunub ki, beynəlxalq depozitarlara üzvlük prosesində tələb olunan əməliyyat həcmləri və bu üzvlük əsasında saxlanılan qiymətli kağızların iqtisadi səmərəliliyi əsas amil kimi qiymətləndirilməlidir.

Məlumatda vurğulanıb ki, xüsusilə Avropa bazarında əsas depozitarlar hesab edilən “Euroclear” və “Clearstream” üzvlüyə qəbul imkanlarını araşdırarkən, yerli bazar iştirakçılarının maraq dərəcəsi və bu depozitarlarda saxlanılması planlaşdırılan qiymətli kağızların həcmi əsas götürülür:

“Bundan əlavə, bu kimi beynəlxalq depozitara üzvlüyə qəbul olunmaq üçün sözügedən qurumun risk idarəetmə siyasəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL\TMM) prosedurları beynəlxalq tələblərə tam uyğun olmalıdır.

Daxili bazar iştirakçılarının Avropa bazarlarında emissiya edilən qiymətli kağızlara marağının nisbətən az olması, beynəlxalq depozitarlara üzvlük üçün zəruri həcmlərin formalaşmamasına və Milli Depozit Mərkəzinin (MDM) bu depozitarlar ilə ifrastrukturun qurulmamasına zəmin yaradıb. Lakin son dövrlərdə daxili bazar iştirakçıları tərəfindən formalaşan tələb bu istiqamətdə əməliyyatların aktivləşdirilməsinə təkan verib.

Bu yöndə atılan addımlar çərçivəsində MDM ötən il risk idarəetmə prosedurlarını beynəlxalq standartlara uyğunlaşdırıb, ƏL/TMM siyasətini və bu siyasətdən irəli gələn daxili qaydaları yenidən formalaşdırır”.

“MDM “Euroclear” və “Clearstream” ilə danışıqlara başlayıb və qeyd olunan tələblərin tam şəkildə yerinə yetirilməsindən sonra bu depozitarlarda hovuz hesabının açılması üçün rəsmi müraciət prosedurlarını işə salacaq. Qeyd edilməlidir ki, bu depozitarlara üzvlüyə qəbul və hesabın aktivləşdirilməsi proseduru uzunmüddətli prosesdir.

Sözügedən əməkdaşlıq Azərbaycan kapital bazarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasını sürətləndirəcək, yerli investorların xarici bazarlardakı aktivlərinin daha etibarlı saxlanılmasını və iqtisadi cəhətdən daha səmərəli idarə edilməsini təmin edəcək”, – deyə məlumatda qeyd olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər