2 C
Baku
Tuesday, February 25, 2025

Son 10 ildə ilk dəfə Mingəçevir gölü, Şəmkir və Araz su anbarlarında su ehtiyatları 75%-dən çox artıb

Son 15 gündə Azərbaycanın dağlıq ərazilərində və buzlaqlarında intensiv qar yağması ölkənin su ehtiyatlarını artırıb.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.

“İqlim dəyişikliklərinin təsirlərinə baxmayaraq, Mingəçevir gölü, Şəmkir və Araz su anbarlarında su ehtiyatlarımız 75%-dən çox artıb. Son 10 ildə ilk dəfə olaraq bu artıma nail olmuşuq”, – A. Abbasov qeyd edib.

Onun sözlərinə görə, bu nəticə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və su ehtiyatlarının səmərəli idarə olunması sayəsində mümkün olub.

“Tam əminliklə deyə bilərik ki, yay dövründə istər aran, istərsə də digər ərazilərdə su təminatı kifayət qədər olacaq. Lakin bu, sudan qeyri-səmərəli istifadə üçün əsas verməməlidir. Hər bir vətəndaş suyun qorunmasına töhfə verməlidir”, – deyə A. Abbasov vurğulayıb.

O, həmçinin yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlı görülən işlərdən də danışıb:

“Hazırda yağış sularının yenidən istifadəsi ilə bağlı tədqiqatlar aparılır. Əvvəllər bu işlərlə şəhər təsərrüfatı məşğul olurdu, amma artıq iqtisadi əsaslandırmalar və elmi tədqiqatlar üzrə işlər görülür. Xüsusilə Bakı şəhərində yağış kollektorlarının qoyulması və genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Artıq bu suların ayrılması, dövlət su ehtiyatı kimi suvarmada istifadəsi və təbiətə qaytarılması istiqamətində layihələr icra olunur”.

A. Abbasov əlavə edib ki, Bakı ətrafındakı təbii göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yağış sularının bu mənbələrə yönləndirilməsi istiqamətində də işlər davam edir:

“Mən inanıram ki, yaxın illərdə bu layihələr uğurla həyata keçiriləcək və ictimaiyyətə təqdim olunacaq”.

Son xəbərlər
Digər xəbərlər