Amerikanın proqram təminatı istehsalçısı “Strategy Inc.” (keçmiş “MicroStrategy Inc.”) 18-23 fevral tarixləri arasında təxminən 1.99 milyard dollar dəyərində 20 356 bitkoin alıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, kriptovalyutanın orta alış qiyməti 97 514 dollar təşkil edib.
Bitkoin “Strategy” tərəfindən institusional investorlara konvertasiya edilə bilən istiqraz təklifi vasitəsilə toplanan vəsaitlər hesabına alınıb. Ötən həftə şirkət bu qiymətli kağızları 1.99 milyard dollara satıb.
Fevralın 23-nə olan məlumata görə, “Strategy” ümumilikdə 499 096 bitkoinə sahibdir və bunun üçün 33.1 milyard dollar ödəyib (bir bitkoin üçün orta hesabla 66.357 min dollara başa gəlib). Bitkoinin hazırkı qiymətini nəzərə alsaq, bu portfelin dəyəri təxminən 45 milyard dollardır.
2025-ci ilin fevral ayının əvvəlində Amerikanın proqram təminatı istehsalçısı “MicroStrategy Inc.” adını və loqosunu dəyişdiyini elan edib. “Strategy”nin korporativ strategiyası bitkoin ehtiyatlarının artırılmasına yönəlib və onun yeni loqosundakı “B” hərfi bu yanaşmanı əks etdirir.