Azərbaycan manatının məzənnəsinin sabit olması və ölkədə kreditləşməyə qoyulmuş sərt tələblər riskləri azaldır.
Bunu “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib.
Qurum 2025-2026-cı illərdə Azərbaycanda bankların aktivlərinin keyfiyyətinin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
“Yaxın 12-18 ay ərzində əhalinin gəlirlərinin artması və bank fəaliyyətinin mühüm hissəsini təşkil edən qeyri-neft sektorunun genişlənməsi hesabına Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq. Nəticədə biznes və ev təsərrüfatlarının kreditə olan tələbi artmaqda davam edəcək”, – deyə agentliyin hesabatında qeyd olunub.
“Moody’s” bildirir ki, Azərbaycanda problemli kreditlərin (NPLs) payı aşağı səviyyədə qalmaqdadır – bu göstərici 2024-cü ilin sonunda kreditlərin ümumi məbləğinin 2,4 faizni (2023-cü ildəki 2,6 faizə və 2022-ci ildəki 3,8 faizə qarşı) təşkil edir. Problemli kreditlərin ehtiyatlarla əhatə olunma səviyyəsi isə 200 faizi ötür.
“Manatın sabit məzənnəsi və istehlak kreditləşməsi ilə bağlı sərt tənzimləyici tələblər risklərin azaldılmasına kömək edir. Xarici valyutada kreditlərin payı 2024-cü ilin sonuna 16 faizə qədər (2020-ci ildə qeydə alınmış 30 faizə qarşı) azalıb.
Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı kreditləşmənin artım tempinin sürətlənməsinə cavab olaraq 0,5 faiz həddində kontr-tsiklik kapital buferi (1 mart 2025-ci il tarixindən qüvvəyə minir) tətbiq edir”, – hesabatda bildirilib.
“Moody’s” hesab edir ki, Azərbaycanın bank sektoru tənzimləyicinin yeni tələblərinə tez uyğunlaşa biləcək.