0 C
Baku
Friday, February 28, 2025

Azərbaycanda kreditlərə tələb yüksəlib

2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən cəmi biznes kreditləri, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda sərtləşmə olsa da, tələbdə artım müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində qeyd edilir.

Banklar növbəti rübdə ümumi biznes kreditləri üzrə standartlarda və tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər. Sorğu nəticələrinə əsasən ötən rübdə olduğu kimi ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. İpoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən daxili ipoteka kreditlərində müşahidə edilib. Ötən rübdən fərqli olaraq banklar ipoteka kreditləri üzrə tələbdə artım olduğunu bildiriblər. Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını, bununla belə, kredit tələbində artım olacağını gözləyirlər.

Banklardan gələn sorğu nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda sərtləşmə olmağına baxmayaraq tələbdə artım müşahidə edilib. Sorğuda iştirak edən respondentler növbəti rübdə istehlak kreditləri üzrə standartlarda və tələbdə dəyişiklik olmayacağı qənaətindədirlər.

Sorğuda iştirak edən respondentlər maliyyələşmə mənbələrinin strukturunda hüquqi və fiziki şəxslərin müddətli depozitlərində artım olduğunu bildirib. Banklar növbəti rübdə eyni tendensiyanın davam edəcəyini gözləyirlər. Sorğu nəticələrinə əsasən, maliyyələşmə mənbələrinin cəlb edilməsi istiqamətində banklararası rəqabətin artması şəraitində hüquqi və fiziki şəxslərin həm tələbli, həm də müddətli depozitləri üzrə maliyyələşmə dəyərində artım müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər