13 C
Baku
Monday, March 10, 2025

Mərkəzi Bank faizləri “sərt mövqedə” saxlamaqda davam edəcəkmi?

Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair 2025-ci ilin ikinci qərarını verir. AMB artıq altı iclasdır ki, siyasət faizi ilə bağlı gözləmə mövqeyini seçir. Qərar 12 mart saat 11:00-da press-reliz kimi yayımlanmalıdır.

Banker.az xəbər verir ki, əsas mandatı qiymət tənzimlənməsi olan bu qurum hazırda uçot faiz dərəcəsini 7.25 faiz, dəhlizin aşağı həddini 6.25 faiz, yuxarı həddini isə 8.25 faizdə saxlayıb. AMB-nin hesablamaları göstərir ki, hazırki neytral uçot faiz dərəcəsi 6-7 faiz aralığındadır. Bu məntiqlə getsək, biz hələ sərt pul siyasəti həyata keçiririk.

2022-ci ildən bu tərəfə yeni rəhbərlik requlyator bazarda faizlərin təsirsiz olmağından narahat görünür. Faizlərin bazarda təsirli olması üçün əlində olan bütün imkanları artıq səfərbər edib və görünən odur ki, bençmark faizinin bazarda təsirindən tam olmasa da, qismən razıdır.

Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Faiz dərəcələri artdıqda kreditlərə tələb azalır, insanların banklara depozit qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır. Hazırda da Mərkəzi Bank faizləri hələ də sərt mövqedə saxlamaqdadır. Baxmayaraq ki, keçən il inflyasiya hədəf diapazonu olan 2%-6%-dən aşağı idi, Mərkəzi Bank faizlərə toxunmadı.

AMB-nin 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilib ki, keçən ilin dekabrında banklararası qısamüddətli (1-3 günlük) əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.68% olub. Bu, Mərkəzi Bankın müəyyən etdiyi faiz çərçivəsinin daxilindədir. Mərkəzi Bank bildirir ki, faizlər onun əsas qərarlarına yaxınlaşır və pul siyasətinin təsiri güclənir. Bu da depozit və kredit faizlərinə təsir göstərir.

1 aprel 2024-cü ildən Mərkəzi Bank hər gün rəsmi saytında 1 günlük faiz dərəcəsi (1D AZIR) haqqında məlumat paylaşmağa başlayıb. Bununla yanaşı, bankların girov qoyaraq borc götürdüyü repo bazarında da faizlər formalaşır. Dekabr ayında burada 1-3 günlük əməliyyatların orta faiz dərəcəsi 7.7%, 6-8 günlük əməliyyatların orta faiz dərəcəsi isə 7.8% olub. Hazırda pul bazarına əsas təsir gücü olan məcburi ehtiyat normaları ilə əlaqəlidir. Bu əmsalların yüksəkdə qalması əksər iri bankların da depozit faizlərini yüksəkdə saxlamasına gətirdib çıxardıb.

2025-ci ilin inflyasiya ilə bağlı yanvar proqnozu oktyabr proqnozuna nisbətən 0.3 faiz bəndi aşağı reviziya edilib. Bununla belə, cari ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi 5.5 faizə yüksəlib. Bu, keçən ilin dekabrında 2.2 faiz idi. İlin ilk ayında qeydə alınan inflyasiya Mərkəzi Bankın hədəf çərçivəsinin üst səviyyəsinə çox yaxındır. Belə olan şəraitdə Mərkəzi Bank faizləri sabit saxlamağı üstün tuta bilər.

34423234

Son xəbərlər
Digər xəbərlər