Bu ilin yanvar ayında Azərbaycanda 55,9 milyon manat dəyərində mobil bankçılıq əməliyyatları aparılıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox artım deməkdir.
“Rəqəmsal maliyyə həllərinin inkişafı maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayır. Son dövrlərdə mobil bankçılığın, eyni zamanda onlayn ödəniş sistemlərinin genişlənməsi və fintex sisteminin yayılmasının şahidi oluruq. Xüsusilə son illər elektron ödəniş sistemləri və mobil bankçılıq tətbiqləri populyarlaşır”, – deyə AMB rəsmisi qeyd edib.
Bundan başqa, o deyib ki, maliyyə əlçatanlığı təkcə iqtisadiyyatın mühüm elementi deyil, sosial inkişafın və rifahın əsas dayaqlarından biridir: “Son illər maliyyə inklüzivliyi iqtisadi artım, yoxsulluğun azaldılması və sosial sabitliyin gücləndirilməsi üçün strateji alətə çevrilib. Dünya Bankının yanaşmasına əsasən, BMT-nin davamlı inkişaf məqsədləri çərçivəsində 17 qlobal hədəfdən 7-sinin reallaşdırılmasında məhz maliyyə inklüzivliyi katalizator rolunu oynayır. Kreditə və kapitala çıxış yaradılması, eyni zamanda səmərəli ödəniş sisteminin yaradılması kiçik biznesin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, iqtisadi inkişafın təşviqinə imkanlar yaradır”.